​Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər: "Biz Bin Laden olmamışıq"

​Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər: "Biz Bin Laden olmamışıq" "Məhkəmədən haqq-ədalət gözləyirəm"
Hadisə
31 Mart , 2016 16:11
​Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər: Biz Bin Laden olmamışıq

Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər - E.İsmayılov, C.Məmmədov və S.Mustafayev son sözlə çıxış ediblər.

C.Məmmədov son sözündə dövlət ittihamçısının "əlbir olublar" sözlərinə etiraz edib: "Biz Bin Laden olmamışıq. Məhkəmədən haqq-ədalət gözləyirəm".

Proses sabah - aprelin 1-də davam etdiriləcək.

Xatırladaq ki, əvvəlki proseslərdə dövlət ittihamçısı E.İsmayılov və A.Əliyevin hər birinə 14 il, C.Məmmədova 12 il, S.Mustafayev və K.Mədətovun hər birinə 11 il 6 ay həbs cəzası (ümumilikdə 63 il) istəyib.

Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dekabr ayının 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işinə Səbail Rayon Məhkəməsində baxılır.

Xatırladaq ki, həbs edilən şəxslərin bir neçəsi futbolçudur.

Son xəbərlər

Orphus sistemi