Yuxarı

Ramil Usubov bəzi polis orqanlarının fəaliyyətindəki ciddi nöqsanları tənqid edib

İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 68, üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunub

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə"nin və "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi"nin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının etibarlı təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, göstərilən istiqamətlərdə fəaliyyətin təkmilləşdirilməsinin, qanunvericilik aktlarının, o cümlədən Dövlət Proqramlarının tələblərinə uyğun qurulmasının, əməliyyat-xidməti fəaliyyətdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqinin qarşıda duran əsas vəzifələrdən olduğunu bildirib.

Qeyd olunub ki, cari ilin ötən dövründə daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər bütövlükdə qənaətbəxş olub, əldə edilmiş müsbət təmayüllər cari ilin on bir ayında da qorunub-saxlanılıb. Polisin əsas vəzifələrindən biri olan narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması və təqsirləndirilən şəxslərin axtarışının təşkili üzrə də davamlı iş aparılır, bu sahədə görülən işlər Kollegiya iclaslarında və əməliyyat müşavirələrində geniş müzakirə olunur, fəaliyyətin daha da yaxşılaşdırılması üçün yerlərə lazımi göstərişlər verilir, əməli köməklik göstərilir. Nazir son illər hər iki istiqamətdə işin daha səmərəli yerinə yetirildiyini, lakin əldə edilmiş nəticələrin reallığı tam əks etdirmədiyini, uğurlarla yanaşı, ayrı-ayrı ərazi polis orqanlarının fəaliyyətində hələ də ciddi nöqsan və çatışmazlıqların mövcudluğunu diqqətə çatdırıb.

Gündəlikdəki birinci məsələ il bağlı Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov məruzə edib. O bildirib ki, nazirlik tərəfindən respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin məqsədyönlü təşkilinə, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilərək davamlı tədbirlər görülür.

Cari ilin 9 ayında respublikanın daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 2445, o cümlədən satışı ilə bağlı 634 fakt aşkarlanıb, 106 nəfərdən ibarət 41 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

Qanunsuz dövriyyədən 532 kiloqramdan çox narkotik vasitə, o cümlədən 90,7 kiloqram tiryək, 32,8 kiloqram həşiş, 370 kiloqrama yaxın marixuana, 14,6 kiloqram heroin, 25 kiloqram digər vasitələr götürülüb. Eyni zamanda, 44 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 212,5 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib. Həmin hüquqazidd əməllərə görə 1824 şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Gündəlikdəki ikinci məsələ barədə məruzə ilə çıxış edən Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə tutulmuş şəxslərin sayı 6 faiz çox olmaqla axtarışın nəticəsi 60,2 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 34,1 faiz təşkil edib. İnsan alveri, soyğunçuluq, mənimsəmə və israf etmə cinayətlərinə görə axtarılanların tutulma göstəriciləri orta hesabla 7 faiz yüksəlib. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 68, bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunub.

İtkin düşmüş şəxslərin axtarışının həyata keçirilməsi istiqamətində də müəyyən işlər görülüb. Ötən ilin 10 ayında itkin düşənlərin 70 faizinin yeri müəyyən edilib, habelə bir nəfərin cinayətin qurbanı olması faktı üzrə cinayət işi başlanıb.

Hər iki məruzə ətrafında çıxış edənlər görülmüş işlərdən, əldə olunmuş uğurlardan, eyni zamanda, xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən danışıblar.

İclasa yekun vuran nazir gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında mövcud nöqsanların aradan qaldırılmasını, ilin sonunadək bu istiqamətlərdə əsaslı dönüş yaradılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.

O, narkotik vasitələrin qeyri-qanuni yollarla respublikaya gətirilməsinin qarşısının alınması, yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi baxımından ərazi polis orqanları, aidiyyəti dövlət qurumlarının nümayəndələri və müvafiq sahənin mütəxəssisləri ilə birgə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərəri, doğurduğu fəsadlar barədə ayrı-ayrı əmək kollektivlərində, orta ixtisas və ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, "ağ ölüm"ə qarşı səmərəli mübarizə yalnız kompleks şəkildə həyata keçirilən belə əməkdaşlıq sayəsində aparıla bilər.

Daxili işlər naziri Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü, ardıcıl şəkildə həyata keçirdiyi hüquq-mühafizə siyasəti, şəxsi heyətə göstərdiyi yüksək qayğı nəticəsində ölkəmizdə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində bir sıra uğurlar əldə edildiyini xatırladaraq hər bir əməkdaşın bu ali diqqətə layiqli cavab verməsinin vacibliyini vurğulayıb.

İlin başa çatmasına bir ay qaldığını diqqətə çatdıran Ramil Usubov cinayətkarlığa qarşı mübarizədə səylərin daha da artırılmasının, narkotiklərin qanunsuz dövriyyəsi, axtarışda olanların tutulması işinə bütün qüvvə və imkanların səfərbər olunmasının, əməliyyat-xidməti fəaliyyətin səmərəliyinin yüksəldilməsinin əhəmiyyətini qeyd edib.

Nazir əmin olduğunu bildirib ki, şəxsi heyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək, sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək, həmişə olduğu kimi, cari ili də yüksək göstəricilərlə başa vuracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi