Rafael Cəbrayılovun qardaşı: "Onunla mübahisəmiz faizə pul götürmək üstündə düşürdü"

Rafael Cəbrayılovun qardaşı: "Onunla mübahisəmiz faizə pul götürmək üstündə düşürdü" Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclasında şahid qismində onun digər qardaşı Rauf Cəbrayılov ifadə verib.
Hadisə
259
27 Yanvar , 2022 10:48
Rafael Cəbrayılovun qardaşı: Onunla mübahisəmiz faizə pul götürmək üstündə düşürdü
Rafael Cəbrayılov

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclasında şahid qismində onun digər qardaşı Rauf Cəbrayılov ifadə verib.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Rauf Cəbrayılov bildirib ki, Binəqədi rayonu ərazisində 2 hektar torpağını mərhum qardaşının tanışı Fikrət vasitəsilə satıb.

O deyib ki, satdığı torpağa görə Fikrətin ona 50 min manat borcu qalıb.

Rauf Cəbrayılov söyləyib ki, tikinti işlərinə mərhum qardaşı Rafael Cəbrayılov nəzarət edirmiş: "Şirkətin təsisçisi isə digər qardaşım Elşən və mən idim. Pul üstündə mübahisəmiz düşürdü. Mən dəfələrlə deyirdim ki, faizə pul almayın, haramçılıqdı. Deyirdik ki, "Rafael, bu pulları neynirsən, kimə verirsən?" Bizim davamız daha çox onun faizə pul alması səbəbindən idi. Satılan evlərdən mənə faiz düşmürdü. Təsis payı məndə 20 faiz, Elşəndə isə 70 faiz göstərilirdi. Şirkətin fəaliyyəti ilə Elşən məşğul olurdu. Ancaq digər məsələlərlə Rafael şəxsən özü məşğul olurdu. Açığı desəm, Rafael Milli Məclisdə olmurdu, çox vaxt şirkətdə olurdu".

Məhkəmədə elan edilib ki, iş üzrə zərərçəkmiş və şahidlər məhkəməyə gəlməyib. Onların məcburi olaraq məhkəməyə gətirilməsi barədə qərar çıxarılıb.

Məhkəmənin növbəti iclası fevralın 10-na təyin edilib.

İttihama görə, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaq zamanı R.Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə R.Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, R.Cəbrayılov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi