Qusar şəhərinin mərkəzi küçələrinin yolları bərbad vəziyyətə düşüb.
Bu barədə "Report"un Şimal bürosuna yerli sakinlər məlumat veriblər.
Onlar bu problemlə uzun illərdir üz-üzə qaldıqlarını bildiriblər.
Belə ki, şəhərin Sahil, Ləzgi Nemət, Şarvəli və Elza İbrahiomova küçələri, xüsusən, qış aylarında yağış və qardan sonra keçilməz olur.
Sakinlər deyir ki, şəhərə bir qədər yağış yağan kimi sözügedən küçələr palçıqlı yollara çevrilir və burada həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkəti xeyli çətinləşir.
Ona görə də bu küçələrin sakinləri əziyyət çəkdiklərini söyləyiblər. Onlar qeyd edib ki, yolların təmir olunması ilə bağlı müxtəlif vədlər verilsə də, indiyədək əməli olaraq heç bir tədbir görülməyib.
Qusar Rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, mərkəzi küçələrin mövcud problemindən xəbərdardırlar.
Qeyd edilib ki, şəhərdaxili küçələrin təmiri mərhələli şəkildə davam etdirilir. Məlumatda həmçinin vurğulanıb ki, Şarvəli küçəsi bu il, digər üç küçə isə növbəti illərdə asfalt olunacaq.