Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayonunda anasını öldürməkdə təqsirləndirilən Nail Əhmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
“Report” xəbər verir ki, hakim İradə Həsənzadənin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası fevralın 22-ə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin mart ayında Qusarın Xurel kəndində baş verib. Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Raifə Aydəbəy qızının boğaz nahiyəsinə bıçaqla xəsarət yetirərək öldürüb.
O, hadisə yerindən qaçsa da, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
N.Əhmədova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.