Bakı. 26 noyabr. REPORT.AZ/ Gecə saatlarında Qubanın Mirzəməmməd kəndinin girişində yol qəzası baş verib.
"Report" xəbər verir ki, yüksək sürətlə hərəkətdə olan "Niva" markalı maşın yoldan çıxaraq magistraldan aşağıda yerləşən evlərdən birinin üzərinə düşüb. Ev Quba sakini Zəki Bədəlova məxsus olub.
Hadisə nəticəsində sürücü Məftun Qəribov və sərnişin Novruz Baxışov ağır xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Qəza zamanı avtomobil yol kənarındakı elektrik dirəyi və qaz kəmərini sıradan çıxarıb. Nəticədə kəndə gələn işıq və qaz kəsilib.

