Qohumunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsində dava düşüb

Qohumunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsində dava düşüb Zərərçəkmişin qohumları hakimin iclası aparmasından narazı olduqlarını bildirərək, prosesdən yarımçıq çıxıblar
Hadisə
13 Dekabr , 2016 16:05
Qohumunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsində dava düşüb

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Arif Ağayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda şahid ifadə verərkən zərərçəkmişin qohumları narazılıqlarını bildiriblər.

Zərərçəkmişin qohumları hakimlə mübahisə edərəkən onlara da söz vermələrini tələb ediblər. Bu zaman hər iki tərəf arasında mübahisə düşüb. Daha sonra zərərçəkmişin qohumları hakimin iclası aparmasından narazı olduqlarını bildirərək, prosesdən yarımçıq çıxıblar. Bu səbəbdən məhkəmə iclası təxirə salınıb.

Qeyd edək ki, qətl hadisəsi Abşeron rayonu, Saray qəsəbəsində, Rövşən Nəbiyev küçəsi, 23 ünvanında baş verib. Xeyir işə hazırlaşan Ağayevlər ailəsi toydan bir gün əvvəl yaxınları üçün "ciyər axşamı" məclisi təşkil ediblər. Məclisdə iştirak edən ev sahibi Seyran Ağayevin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Arif Ağayev digər qohumu ilə mübahisə edib. Mübahisə zəminində A.Ağayev bıçaqla qohumunu vurmaq istəyəndə 45 yaşlı Əlibaba Məmmədov onları ayırmaq istəyib. Bu zaman bıçaq Ə.Məmmədovun sinəsinə dəyib. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları cinayəti törədən A.Ağayevi saxlayıb. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi