​Qohumunu öldürən qardaşların məhkəməsi keçirilib

​Qohumunu öldürən qardaşların məhkəməsi keçirilib "Asifi tutdum ki, qardaşın yaralıdır onu xəstəxanaya apar"
Hadisə
2 Oktyabr , 2015 14:18
​Qohumunu öldürən qardaşların məhkəməsi keçirilib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Vasif Məmmədovu qətlə yetirməkdə, qardaşı Asif Məmmədovu isə bıçaqlamaqda təqsirləndirilən Vüqar və Zülfüqar Yusifov qardaşlarının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid Elvin Quliyev ifadə verib. O, taksi sürücüsü işlədiyini bildirib: "Hadisə günü gecə saatlarında Vüqar mənə zəng edib evlərinə gəlməyimi istədi. Vüqar və qardaşı Züfüqar mənə onları Novxanı qəsəbəsində yerləşən "Sahil" marketinə aparmağımı dedi. Yolda gedərkən Vüqar Zülfüqara dedi ki, "sən məndən balacasan, bu, mənim söhbətimdir". Daha sonra marketdə Vüqar Səbuhi ilə söhbət etməyə başladı. Bu zaman Vüqarın əli piştaxtaya toxundu. Piştaxtanın üzərindəki konfetlər yerə töküldü. Mən konfetləri yığarkən çöl tərəfdən səs gəldi. Çölə çıxanda Vasifin yerdə qan içində oturduğunu gördüm. Asif isə Vüqarla Zülfüqar tərəfə gedirdi. Asifi tutdum ki, qardaşın yaralıdır onu xəstəxanaya apar. Vüqarın əlində köhnə bıçaq var idi. Qardaşlar mənim maşınıma oturub onları aparmağımı istədilər. Mən də onları Vüqarın qayınatasıgilə apadım".

V.Yusifovun müdafiəçisi Ceyhun Yusifov vəsatət qaldırıb. Vəsatətə növbəti məhkəmə prosesində baxılacaq.

Məhkəmənin növbəti iclası oktyabrın 9-na təyin edilib.

Xatırladaq ki, hadisə 2014-cü ilin iyunun 24-də Abşeron rayonunun Novxanı qəsəbəsində qeydə alınıb. Məmmədov və Yusifovlar (onlar qohumdur) arasında borc üstündə düşən dava qətllə nəticələnib. Belə ki, qəsəbə sakini 25 yaşlı Vüqar İsmayıl oğlu Yusifov borclu olduğu qohumları Asif və Vasif Məmmədovlar tərəfindən dəfələrlə təhdid olunub. Tərəflərin mübahisəsi sonda davaya çevrilib, Vuqar yaxın qohumlarına bıçaqla xəsarət yetirib. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həkimlər V.Məmmədovun həyatını xilas edə bilməyiblər. Abşeron Rayon Polis Şöbəsində istintaq apırılan zaman məlum olub ki, Vüqar Yusifovun qardaşı Zülfüqar Yusifov da hadisə yerində olub.

Qeyd edək ki, Vüqar və Zülfüqar Yusifov qardaşları Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi