Bakı. 26 fevral. REPORT.AZ/ Doğuş zamanı səhlənkarlığa yol verməkdə təqsirləndirilən Qobustan Rayon Mərkəzi Xəstəxanasının Doğuş şöbəsinin müdiri vəzifəsində işləmiş Kifayət Rzayeva barəsində olan hökmdən kassasiya şikayəti verib.
"Report"un xəbərinə görə,
Ali Məhkəmədə keçiriləcək iclas aprelin 2-nə təyin edilib.
Kassasiya şikayəti hakim Fərhad Kərimovun icraatına verilib.
İttiham aktına əsasən, K.Rzayeva 2017-ci ilin oktyabr ayının 17-də Qobustan Rayon Mərkəzi Xəstəxanasına daxil olmuş, 1988-ci il təvəllüdlü, iki uşaq anası olmuş Zümrüd Günəşovanı Doğuş şöbəsinə qəbul edib. Daha sonra zəruri laborator analizlərin aparılmasını təmin etməyib. O, hamilə və hamiləliyin gedişi haqqında düzgün, həmçinin daha informativ məlumat toplamadan Z.Günəşovanın doğuşunun təbii yolla idarə olunmasını həyata keçirib.
Bu səbəbdən dünyaya uşaq gətirən Z.Günəşova həmin gün xəstəxanada vəfat edib.
K.Rzayevaya qarşı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Qobustan Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan K.Rzayeva apellyasiya şikayəti verib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Sumqayıt Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.