Qobustanda 5 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.
Qeyd edilib ki, hadisə bu gün səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, “KİA” markalı, 77-KX-479 nömrəli dövlət nişanlı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq səkiyə dəyib. Bu zaman nəqliyyat vasitəsi aşıb. Nəticədə 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib. Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
“Hazırda qəza zamanı ölən şəxslərin şəxsiyyəti müəyyənləşdirilir”, - DYP-dən bildirilib.