Qızının gözü önündə arvadını öldürən 62 yaşlı kişi məhkəmədə ifadə verib

Qızının gözü önündə arvadını öldürən 62 yaşlı kişi məhkəmədə ifadə verib Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Maştağa qəsəbəsində arvadını amansızlıqla öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
5 Oktyabr , 2018 15:17
Qızının gözü önündə arvadını öldürən 62 yaşlı kişi məhkəmədə ifadə verib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Maştağa qəsəbəsində arvadını amansızlıqla öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, Z.Rəsulov arvadını pul üstündə mübahisədən sonra qətlə yetirib.

Belə ki, o, 90 min manat pulun arvadı tərəfindən ondan xəbərsiz xərclənməsinə etiraz edib və onlar arasında dəfələrlə mübahisə olub. Sonuncu mübahisə isə qətllə nəticələnib.

Z.Rəsulov məhkəmədə söyləyib ki, hadisə vaxtı qızının və özünün orada olduğunu xatırlayır. O deyib ki, həmin vaxt əsəbi olub, gözünün birində ağrı başlayıb, ürəyi döyünüb və əlləri əsib.

Z.Rəsulov sonra əlinin kəsildiyini və ətrafın qan olduğunu xatırladığını qeyd edib: "Mərhum 20-yə yaxın qadından pul alıb. Sonra həmin pulları geri qaytarmayıb. Həmin qadınlar da pulu məndən tələb edirdi".

O, hadisə barədə danışarkən vurğulayıb ki, cinayəti törədən zaman əvvəlcə öz başına vurub: "Həmin vaxt qulağım guruldadı. Əlimdən çoxlu qan çıxırdı. Elə bil qaranlıq dəhlizdə idim. Sonra polislər gəldi. Onlar cinayəti mənim törətdiyimi dedilər".

Prokurorun arayışından məlum olub ki, mərhum Natəvan Rəsulova qətlə yetirilməmişdən əvvəl qızına məktub yazıb, öləcəyi təqdirdə, günahkarın Z.Rəsulov olduğunu qeyd edib.

Z.Rəsulov isə belə bir hadisə olmadığını, arvadını heç vaxt hədələmədiyini söyləyib.

Məhkəmənin növbəti iclası oktyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi bu il Maştağa qəsəbəsində baş verib. Həmin ünvanda yaşayan 62 yaşlı Z.Rəsulov evində həyat yoldaşı, 60 yaşlı Natəvan Rəsulovanı xüsusi amansızlıqla öldürüb. Kişi həyat yoldaşına iri mətbəx bıçağı ilə 13 ağır zərbə endirib. Qadın hadisə yerindəcə keçinib.

Məlumata görə, hadisə onların 41 yaşlı qızlarının gözü qarşısında baş verib.

Belə ki, əvvəllər bir neçə dəfə infarkt keçirmiş 62 yaşlı Z.Rəsulov bir müddət əvvəl iflic olub və xəstəxanaya yerləşdirilib. Müalicə prosesindən sonra hadisədən bir gün əvvəl qızı və həyat yoldaşı onu xəstəxanadan çıxararaq evə gətirib. Evə gələr-gəlməz kişi ilə xanımı arasında mübahisə yaranıb. Z.Rəsulov əsəbi halda iri mətbəx bıçağını götürərək həyat yoldaşına hücum edib və onu öldürüb. Qızı atasının törətdiyi əmələ mane ola bilməyib və təcili yardım çağırsa da, artıq gec olub.

Bildirilir ki, hadisəni törədən Z.Rəsulov iki dəfə evli olub. O, uzun illər əvvəl N.Rəsulova ilə ailə qurub. Lakin boşanaraq başqa qadınla evlənib. Xeyli keçəndən sonra Z.Rəsulov ilk həyat yoldaşının yanına qayıdıb.

Son xəbərlər

Orphus sistemi