Yuxarı

Qətl işi üzrə keçirilən məhkəmədə qadın ərinin əleyhinə ifadə verib

“Şəfiqəni ərim öldürüb”

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şahbaz Xəlfəyev və İslam Xəlfəyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Hər iki təqsirləndirilən şəxs özünü təqsirli bilmədiklərini deyiblər.

Daha sonra qətlə yetirlən qadının hüquqi varisi, onun qızı Seyran Ağayeva ifadə verib. O bildirib ki, anasını dayısı Ş.Xəlfəyev, onun oğlu İ.Xəlfəyev və dayısının həyat yoldaşı Şəhla Xəlfəyeva öldürüb: "Bu qətl işində hər üç şəxsin günahkardır. Şəhladan da şikayətçiyəm".

Təqsirləndirilən İ.Xəlfəyev ifadəsində cinayət işindən xəbərsiz olduğunu deyib. Ş.Xəlfəyev də ifadəsi zamanı bacısının qətlində günahının olmadığını bildirib: "Cinayət işindən xəbərim yoxdur. Məhkəmədən xahiş edirəm ki, İltifat Muradov əlavə şahid qismində ifadə versin".

Şahid qismində Ş.Xəlfəyevin həyat yoldaşı Şəhla Xəlfəyeva dindirilib. O, səhər saatlarında həyətdə meyt gördüyünü vurğulayıb: "Şahbaz mərhum Rəfiqənin telefonuna zəng vurdu. Bu zaman səs meyitin üzərində olan telefondan gəldi. Həmin vaxt ölən şəxsin Rəfiqə olduğunu bildik".

Hakim məhkəmədə Şəhla Xəlfəyevanın ilkin ifadəsini elan edib. Ə.Hacıyev deyib ki, mərhumun əllərində Şəhla Xəlfəyevin saçları olub: "Siz ilkin ifadənizdə qadının əllərində olan saçlarınızı ərinizin qoyduğunu qeyd etmisiz. Buna aydınlıq gətirin".

Şəhla Xəlfəyeva da verdiyi ifadəni təsdiqləyib: "Şəfiqəni ərim öldürüb. Çünkü Şahbaz mənə həmişə deyirdi ki, səndən heyf alacam. Ona görə də hadisədən sonra mənim saçlarımı onun ovcuna qoyub". Prosesdə Xəyalə Xəlfəyev, Əsmət Xəlfəyev, Ağahüseyn Tağıyev, Nigbahar Hüseynov və Nailə Xəlfəyev də ifadə verib. Həmin şəxslər verdikləri ilkin ifadələri təsdiqləyiblər.

Məhkəmənin növbəti prosesi sentyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, bu il yanvarın 18-də Sumqayıt şəhəri, Ə.Vahid küçəsi, 39 saylı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilib və faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində meyitin Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olması müəyyən edilib, həmçinin cinayətin Sumqayıt şəhər sakinləri, 1961-ci il təvəllüdlü Ş.Xəlfəyev və 1991-ci il təvəllüdlü İ.Xəlfəyev tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan onlar, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

İstintaq zamanı R.Ağayevanın yanvarın 17-də saat 23:00 radələrində məişət zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Şahbaz və qardaşı oğlu İslam Xəlfəyevlər tərəfindən küt alətlə çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürülməsi müəyyən edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi