Qazax rayon prokurorluğunda Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 tələbənin qida zəhərlənməsi şübhəsi ilə bağlı araşdırma aparılır.
"Report"a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Qazaxda 18 tələbənin zəhərləndiyi bildirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, Bakı Dövlət Universitetinin Qazax filialının 18 tələbəsinin bufetdə dönərdən zəhərləndiyi qeyd olunub.
Zəhərləndiyi bildirilən tələbələr aşağıdakılardır:
Sabirabad rayon sakini Ö. Rüstəmov (2003-cü il), Tovuz rayon sakinləri F.Rzayeva (2007) və İ.Niyazova ( 2001), Gəncə şəhər sakini F.Süleymanova (2007), Yevlax rayon sakini F.Nəsibova (2005), Ağstafa rayon sakinləri Ş.Məmmədova (2005) və N.Hacıyev (2005), Daşkəsən rayon sakini C.İsrafilov (2005), Mingəçevir şəhər sakini S.Əliyeva (2007), Şəmkir rayon sakini N. Əmirova (2004), Beyləqan rayon sakini R.Mədətov (2004), Ağcabədi rayon sakini M.Qasımova (2005), Şamaxı rayon sakini N.Məlikov (2003), Qazax şəhər sakini R.Məmmədli (2006), Gədəbəy rayon sakini G.Bağırova (2005), Kəlbəcər rayon sakini M.Şahbazov (2005), Goranboy rayon sakinləri O.Cəfərov (2004) və A.İsgəndərova (2005).
Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra tələbələr evə buraxılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, nəticələrlə bağlı məlumat veriləcək.