Yuxarı

Qardaşını öldürüb basdıran qız məhkəmədə cinayətini etiraf edib

Məhkəmədə ifadələr elan olunub

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Qusar rayon sakini 1997-ci il təvəllüdlü Baxışova Alyona Fazil qızının cinayət işi üzrə məhkəməsinin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə ifadələr elan olunub.

A.Baxışova ifadəsi elan olunandan sonra qardaşı Baxış Baxışovu öldürdüyünü etiraf edib.

A.Baxışova ötən prosesdə ilkin istintaq zamanı verdiyi ifadədən imtina edib, qardaşını öldürməklə bağlı ifadəni təzyiq altında verdiyini bildirib. O, cinayəti qonşusu Ələsgər Səlimovun törətdiyini deyib. Ə.Səlimov isə ruhi xəstədir.

Məhkəmənin növbəti prosesi fevralın 18-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2014-cü ildə Qusar rayonunun Lecet kəndində baş verib. İttiham aktına əsasən, A.Baxışova qardaşı Baxış Baxışovu qətlə yetirib. A.Baxışova ilkin ifadəsində bildirib ki, qardaşı təcavüz etmək niyyətində olduğu üçün onu balta ilə vurub. A.Baxışova qardaşını öldürdükdən sonra basdırıb. Hadisədən yeddi ay keçəndən sonra meyiti çıxararaq başqa yerdə dəfn edib. Cinayət işinin üstü isə B.Baxışovun telefonundan ailə üzvlərinə gələn mesajdan sonra açılıb. Mesajın A.Baxışova tərəfindən yazıldığı məlum olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb. A.Baxışova ilkin istintaq zamanı qardaşını öldürdüyünü bildirib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi