Bakıda qardaşı arvadını öldürməkdə təqsirləndirilən Səbuhi Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un xəbərinə görə, hakim Samir Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub.
Hökmə əsasən, S.Kərimov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il mart ayında Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Laləzar Kərimli aldığı çoxsaylı bıçaq zərbələrindən hadisə yerində ölüb. Onun bədənində səkkizdən çox bıçaq yarası aşkarlanıb. Cinayət L.Kərimlinin bacısının evində törədilib.
İttihama görə, L.Kərimli qohumları ilə mübahisə edərək bacısıgilə gedib. Onun qaynı Səbuhi Kərimov qardaşının oğlunu götürərək hadisəni aydınlaşdırmaq üçün qadının dalınca gedib.
Bacısının evində olan gəlin və qayın otaqda tək qalıblar. Qohumlar onların söhbət etdiklərini düşünərək müdaxilə etməyiblər. Bir müddət keçəndən sonra kişi həmin yeri tərk edib və qohumları L.Kərimlini ölü vəziyyətdə tapıblar.
S.Kərimova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.