Qaraçuxurda məscidi yandırmaqda təqsirləndirilən şəxsin barəsindəki hökmdən verilən protest təmin edilməyib

Qaraçuxurda məscidi yandırmaqda təqsirləndirilən şəxsin barəsindəki hökmdən verilən protest təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb
Hadisə
27 Dekabr , 2016 10:15
Qaraçuxurda məscidi yandırmaqda təqsirləndirilən şəxsin barəsindəki hökmdən verilən protest təmin edilməyib

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Qaraçuxurda məscidi yandırmaqda təqsirləndirilən Namiq Nəsibovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən "Cümə" məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılaraq yanğın törədilib. Keçmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N.Nəsibov və Elnur Ələkbərov saxlanılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Müəyyən edilib ki, N.Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında "PKK" terror təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. O, Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra E.Ələkbərov ilə birgə "PKK" terror təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi "Yekbun" təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. N.Nəsibov və E.Ələkbərov internetdə sosial şəbəkələr vasitəsilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.
Bu il martın 7-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə E.Ələkbərov 15 il müddətinə azadlıqdan məhrum edilib. N.Nəsibov barəsində isə məcburi müalicə tədbiri tətbiq edilməsi qərarı çıxarılıb.
Hökm oxunarkən E.Ələkbərov əlindəki kəsici alətlə özünü doğramaq istəyib. O, sol qolunu bir yerdən kəsib. Lakin Penitensiar Xidmətin əməkdaşları E.Ələkbərovun hərəkətinin qarşısını alıb.
Hökmdən narazı qalan E.Ələkbərovun vəkili Namiq Hacıyev apellyasiya şikayəti verib. O, şikayətində müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Dövlət ittihamçısı isə digər təqsirləndirilən N.Nəsibov barəsində olan hökmdən apellyasiya protesti verib. Prokuror protestində həmin şəxsin barəsində olan məhkəmə hökmünün ləğv edilməsini və onun azadlıqdan məhrum edilməsini istəyib.
İşlər Bakı Apellyasiya Məhkəməsinin ayrı-ayrı hakimlərinin icraatına verilib.

Son xəbərlər

Orphus sistemi