Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən həyata keçirilən mina və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə əməliyyatlarına Xorvatiyanın DOK-İNG şirkətinin istehsalı olan MV-10 və MV-4 mexaniki minatəmizləmə maşınları qatılıb.
Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, şirkət ilə bağlanan müqaviləyə əsasən, ümumi olaraq 11 ədəd xüsusi təyinatlı minatəmizləmə maşınlarının ölkəyə gətirilməsi nəzərdə tutulub.
Qeyd edilən maşınlardan artıq 10 ədədi Agentliyə təhvil verilib, 1 mexaniki vasitənin isə cari ilin ilk yarım illiyinədək çatdırılması planlaşdırılır.
Humanitar minatəmizləmə fəaliyyəti zamanı istifadə edilən MV-10 maşınları 3 000 metrə qədər məsafədən pult ilə idarə olunur. MV-4 maşınları üzrə bu məsafə 1 500 metr təşkil edir. Maşınlar böyük meyl bucağı və sərt torpaq örtüyü olan ərazilərdə rahat idarə edilir.
Fırlanan zəncir aləti və kultivator eyni vaxtda və ya bir-birindən asılı olmayaraq işləmək imkanına malikdir.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, Böyük Qayıdış proqramının əsas istiqamətlərindən biri Qarabağ ərazisinin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi ilə vətəndaşların təhlükəsiz qayıdışı və dayanıqlı məskunlaşması üçün münbit şəraitin yaradılmasıdır. Bu məqsədlə işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmənin hər üç metodologiyasını tətbiq etməklə genişmiqyaslı minatəmizləmə əməliyyatları icra edilməkdədir", - məlumada qeyd edilib.