Yuxarı

​"Qala BTX" MMC mühafizə şirkətlərinin direktoru və daha 23 nəfərin cinayət işi məhkəməyə göndərilib

İşə yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq

Bakı. 4 avqust. REPORT.AZ/ "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov və daha 23 nəfər şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.

“Report”un əldə etdiyi məlumata görə, ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib.

İşə yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyi (DİN) iş adı altında vətəndaşları aldadan iş adamı haqqında məlumat yayıb. Məlumata görə, "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.

Aparılan araşdırmalarla müəyyən olunub ki, "General" MMC, daha sonra "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru V.Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb.

Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər.

Həmin faktlar üzrə cinayət işi başlanılıb, V.Hüseynov, M.Cəfərov, K.Bayramov, A.Həsənov və F.Babayev barələrində həbs qətimkan tədbiri seçilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.3.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi