Yuxarı
    Bağlamaq

    Prokurorun Bakıda hakimin oğlunu avtomobillə vurub öldürən şəxsin hökmünə dair protesti təmin edilməyib

    Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

    Bakı. 11 may. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    "Report"un məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, prokurorun apellyasiya şikayəti və təqsirləndirilən şəxsin isə apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

    Qeyd edək ki, hadisə ötən ilin may ayının 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı şəhər sakini R.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobil piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.

    Hadisədən sonra R.Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R.Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub. Hadisəni törədən şəxs R.Kərimovun atası Yüzasif Kərimov Respublika Kliniki Xəstəxananın baş həkimi vəzifəsində çalışıb.

    Bundan başqa, E.Allahverdiyev hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə keçirilən məhkəmədə köməkçi hakimdir.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Kərimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti, təqsirləndirilən şəxs isə apellyasiya şikayəti veriblər.

    R.Kərimovun vəkili Orxan Əhmədov şikayətində müvəkkilinin barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini istəyib: "Bundan başqa, onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə bəraət hökmü çıxarılmasını tələb edirik. Onun əməlini Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif etməklə, həmin maddənin cəzanı yüngülləşdirən hallar nəzərə alaraq, ən aşağı həddə cəza təyin etməklə cəzaçəkmə rejiminin məntəqə tipli cəzaçəkmə müəssisəsi nin müəyyən edilməsini istəyirik".

    Vəkil bildirib ki, apellyasiya şikayətində mülki iddianın əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini tələb olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi