Prokurorluq cinayət təqibinə xitam verilən şəxslərin barələrində protest verib

Prokurorluq cinayət təqibinə xitam verilən şəxslərin barələrində protest verib İşə hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq
Hadisə
14 Yanvar , 2017 13:29
Prokurorluq cinayət təqibinə xitam verilən şəxslərin barələrində protest verib

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda vergidən yayınmaqda təqsirləndirilən Həsənağa Babayev, Hüseyn Bayramov, Elman Rəhimov, Əlirza Kərimov, Səadət Cəfərov, Tərxan Şirinov, Ramşan Rzayev, Səbuhi Qazıyev və Elvin Əsgərovun barələrində olan hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və apellyasiya şikayəti verilib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas yanvarın 19-na təyin edilib.

İşə hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ittiham aktına əsasən, 2011-ci il tarixdən "Atrabank” ASC-nin Nəsimi filialının mühasibi, 03.03.2014-cü ildən isə həmin filialın Xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi vəzifəsində işləyən B.Həsənağa vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə tanışları Şirinov Tərxan Ceyhun oğlu, Rəhimov Elman Hətəm oğlu, Bayramov Hüseyn Yadulla oğlu, Kərimov Əlirza Abuzər oğlu və Cəfərov Səhadət Səməd oğlundan ibarət, Qazıyev Səbuhi Ağabala oğlu isə Rzayev Ramşan Mahir oğlu və Əsgərov Elvin Cəmil oğlundan ibarət mütəşəkkil cinayətkar dəstələr yaradaraq, 2012-2014-cü illər ərzində həmin qrupların fəaliyyətinə rəhbərlik ediblər.

Dəstə üzvlərinin adlarına 107 MMC yaradılıb, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə ya təqdim edilməyib, yaxud təqdim edilən bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilərək, ümumilikdə külli miqdar təşkil edən 1 270 884 46 manat məbləğində vergilər dövlət büdcəsinə ödəməkdən yayındırılıb.

İstintaq-əməliyyat tədbirləri ilə qeyd olunan şəxslər tərəfindən bir sıra cinayət əməllərinin törədildiyi toplanmış təkzibolunmaz faktlarla - ilkin mühasibatlıq sənədləri, şahid ifadələri, telefon əlaqələrinin təhlili və yoxlanılması, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam sübuta yetirilib. Dövlətə vurulmuş ziyandan 190 550 manatı ödətdirilib, 363 987 manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Dəstənin üzvlərinə Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2, 213.1 və 308.2-ci maddələri ilə ittiham elan edilmiş, onlardan yeddi nəfəri barədə məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Babayev 5 il 6 ay, H.Bayramov 5 il, E.Rəhimov 7 il, Ə.Kərimov 4 il, S.Cəfərov 3 il 6 ay, T.Şirinov 4 il, R.Rzayev 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Digər şəxslər - S.Qazıyevlə E.Əsgərovun barələrində olan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılıb. Hər iki şəxs məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə prosesində məlum olub ki, S.Qazıyev və E.Əsgərov vergi üzrə borcunu ödəyiblər.

Son xəbərlər

Orphus sistemi