Bəzi media və sosial şəbəkə səhifələrində Bakı şəhər sakini Dilarə Bağıyevanın azyaşlı qızı S.Qurbanovanın (şərti) ölüm faktı ilə əlaqədar qeyri-obyektiv araşdırma aparıldığı, qızının yaşadıqları binanın 13-cü mərtəbəsindən atası tərəfindən yerə atılaraq qəsdən öldürülməsi ilə bağlı səsləndirdiyi fikirlər yayımlanıb.
Baş Prokurorluqdan "Report"a bildirilib ki, Dilarə Bağıyevanın ifadə və şikayətlərində, eləcə də sosial şəbəkələrdəki çıxışlarında qeyd etdiyi xüsusatlar üzrə mövcud cinayət işi çərçivəsində Nizami Rayon Prokurorluğunda müvafiq istintaq hərəkətləri yerinə yetirilib:
"İstintaqla Vahid Nadirovun arvadı Dilarə Bağıyevaya qarşı zorakı hərəkətlər törətməsi sübuta yetirildiyindən o, Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin hökmünə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Baş Prokurorluq tərəfindən rəsmi olaraq bəyan edilir ki, istintaqın hazırki mərhələsində Dilarə Bağıyevanın göstərdiyi xüsusatlar üzrə Vahid Nadirova əlavə ittiham elan edilməsi üçün kifayət qədər əsaslar müəyyən edilməyib.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir. Nəticəsindən asılı olaraq qanuni qərar qəbul ediləcək".