Prokuror dələduzluqda təqsirləndirilən iş adamı və sabiq bank əməkdaşının hökmündən protest verib

Prokuror dələduzluqda təqsirləndirilən iş adamı və sabiq bank əməkdaşının hökmündən protest verib Məhkəmənin növbəti iclası iyulun 25-nə təyin edilib
Hadisə
13 İyul , 2018 17:44
Prokuror dələduzluqda təqsirləndirilən iş adamı və sabiq bank əməkdaşının hökmündən protest verib

Bakı. 13 iyul. REPORT.AZ/ Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Rasim Cəfərquliyev və lisenziyası ləğv edilən "RoyalBank"ın sabiq əməkdaşı Kərim Əhədin barəsində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib.

Hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 25-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə məlum olub ki, R.Cəfərquliyev SAB, "Sevimli dad", "Min bərəkət" kimi kolbasa və sosiska şatışı ilə məşğul olan şirkətlərdən mal alaraq Bakı və ətraf rayonlarda satırmış. Bu işdə ona qardaşı və tanışı K.Əhəd də kömək edib. R.Cəfərquliyev daha çox qazanc əldə etmək üçün bir neçə tanışını bu işə cəlb edib və depozit qoyaraq onlara da pul qazanmağı təklif edib.

Belə ki, qoyulan depozitlərlə alınanan mallar satıldıqdan sonra digər şəxslər də gəlirdən qazanc əldə edəcəklərmiş. Amma işlər düz gətirməyib və R.Cəfərquliyev aldığı pulları geri qayatara bilməyib. Bu səbəbdən də depozit olaraq R.Cəfərquliyevə pul verən şəxslər ondan şikayətçi olublar.

R.Cəfərquliyev və K.Əhəd məhkəmədə özlərini təqsirli bilmədiyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökümü ilə hər iki şəxsə bəraət verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi