Prokuror Bakıda taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirləndirilən şəxslərə cəza istəyib

Prokuror Bakıda taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirləndirilən şəxslərə cəza istəyib Məhkəmənin növbəti iclası oktyabrın 9-na təyin edilib
Hadisə
2 Oktyabr , 2017 19:02
Prokuror Bakıda taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirləndirilən şəxslərə cəza istəyib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Qardaşxan Abdullayev, Ceyhun Məmmədzadə və Rəfayel Əlizadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Q.Abdullayevlə C.Məmmədzadənin hər birinin 10 il, R.Əlizadənin isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edib. Vəkil Günay Sultanova çıxışında bildirib ki, təqsirləndirilən şəxslərin hər biri əməlindən peşmandır.

Təqsirləndirilən şəxslərin hər üçü son söz demək üçün məhkəmədən bir həftə vaxt istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 9-na təyin edilib.

Qeyd edək ki, hadisə bu il martın 26-da baş verib. Səhər saat 06:00 radələrində Bakının Nizami rayonunun H.Əliyev prospektində paytaxt sakini Vahid Mövlazadənin idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin qismində oturan bir neçə şəxs metronun "20 Yanvar" stansiyasına gedəcəklərini bildiriblər. A.Məhərrəmov küçəsində onlar sürücünün boğazına kəndir dolayıb, bıçaqla hədələyərək avtomobildən düşməsini tələb ediblər. V.Mövlazadə avtomolbildən düşərkən özünə məxsus bıçaqla onlardan birinin ayaq nahiyəsinə xəsarət yetirib və səs-küy yarandığından həmin şəxslər hadisə yerindən qaçıblar.

Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Q.Abdullayev, C.Məmmədzadə və R.Əlizadən saxlanılıb.

Məhkəmə iclasında məlum olub ki, taksi sürücüsü tərəfindən ayağından bıçaqlanan şəxs R.Əlizadədir. O, məhkəmədə ayağında indi də ağrılar olduğunu söyləyib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrip şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinirlər.

Son xəbərlər

Orphus sistemi