Prokuror Bakıda sintizator ifaçısını bıçaqlayan müğənniyə cəza istəyib

Prokuror Bakıda sintizator ifaçısını bıçaqlayan müğənniyə cəza istəyib Məhkəmənin növbəti iclası oktyabrın 9-na təyin edilib
Hadisə
2 Oktyabr , 2018 16:41
Prokuror Bakıda sintizator ifaçısını bıçaqlayan müğənniyə cəza istəyib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Ə.İsmayılovun cinayət əməlinin Cinayət Məcəlləsinin (CM) 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsindən 126.1-ci (qəsədən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini və onun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra Ə.İsmayılovun müdafiəçisi çıxış üçün məhkəmədən vaxt tələb edib.

Məhkəmənin növbəti iclası oktyabrın 9-na təyin edilib.

Qeyd edək ki, hadisə 2016-cı ilin iyun ayının 21-də Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti ərazisində yerləşən "Nar" kafesinin yanında 66 saylı binanın yaxınlığında baş verib. O, tanışı Asif İbadovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Daha sonra Ə.İsmayılov hadisə yerindən qaçaraq istintaqdan yayınıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Bu il yanvarın 25-də Ə.İsmayılov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb və Nəsimi rayon Polis idarəsinin əməkdaşlarına təhvil verilib.

Hadisəyə səbəb isə Ə.İsmayılov mahnı ifa edərkən A.İbadovun onu sintizatorda düzgün müşayiət etməməsi olub.

Ə.İsmayılov kafe və restoranlarda müğənni kimi fəaliyyət göstərib.

Son xəbərlər

Orphus sistemi