Prokuror Bakıda banka basqın edərək müştərini girov götürən şəxsə cəza istəyib
- 03 iyul, 2018
- 12:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Dövlət ittihamçısı çıxışında N.Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası iyulun 10-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən il saat 13 radələrində “Turan Bank” ASC-nin Yasamal filialında baş verib. O, bankda müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və bıçağı onun boğaz nahiyəsinə dirəyib. Həmin şəxs xəzinədarlıqdan pul verilməsini, əks halda qadını öldürəcəyini deyib. Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.
Araşdırma zamanı həmin şəxsin paytaxtın Yasamal rayon sakini, 1967-ci il təvəllüdlü Məmmədov Nazim Novruz oğlu olduğu müəyyən edilib.