Prokuror Bakıda 3,4 milyon dollarlıq dələduzluqla təqsirləndirilən şəxslərin hökmünə dair protest verib

Prokuror Bakıda 3,4 milyon dollarlıq dələduzluqla təqsirləndirilən şəxslərin hökmünə dair protest verib İşə yaxın günlərdə baxılacaq
Hadisə
15 Fevral , 2017 10:42
Prokuror Bakıda 3,4 milyon dollarlıq dələduzluqla təqsirləndirilən şəxslərin hökmünə dair protest verib

Bakı. 15 fevral. REPORT.AZ/ Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayev, Nurlan Bayramov, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdullayev, Tural Babazadə və Tural Qasımovun barələrində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti və müttəhimlər isə apellyasiya şikayəti verib.

Bunu "Report"a G.Abdullayevin vəkili İlqar Əliyev deyib.

Onun sözlərinə görə, prokurorun apellyasiya protesti və təqsirləndirilən şəxslərin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. İşə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində L.Abdullayev və digərləri saxlanılıb.

Nərimanov Rayon Məhkəməsində F.Tağıyev, R.Hacıyev və T.Qasımov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Həmin şəxslər CM-nin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170.3.1-ci (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə L.Abdullayev və N.Bayramovun hər biri 18 il, P.Rzayev və E.Qasımovun hər biri isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ev dustaqlığında olan təqsirləndirilən R.Hacıyevə 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib. F.Tağıyevə isə 3 min manat cərimə təyin edilib və barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Digər təqsirləndirilən G.Abdulov 2 min manat cərimə olunub, T.Babazadə barəsində isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Son xəbərlər

Orphus sistemi