Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 16-dan 18-dək nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 4 000 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.
Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 5 nəfər barəsində inzibati həbs, 2 746 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.
Eyni zamanda ev şəraitində müalicə təyin edilən 4 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
"Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib.