Polis əməliyyatlar keçirib, 21 tüfəng götürülüb

Hadisə
  • 13 dekabr, 2021
  • 05:46
Polis əməliyyatlar keçirib, 21 tüfəng götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Əldə edilən məlumatlar əsasında polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 11-də və 12-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 21 ədəd ov tüfəngi götürülüb.

Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan müxtəlif markalı 4 ədəd ov tüfəngi könüllü olaraq rayon polis şöbələrinə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.