Penitensiar Xidmət Aleksandr Lapşinin intihara cəhd etməsi ilə bağlı məlumat yayıb

Penitensiar Xidmət Aleksandr Lapşinin intihara cəhd etməsi ilə bağlı məlumat yayıb "İstintaq dövrü ərzində həbsdə saxlanılan Aleksandr Lapşin mütəmadi olaraq həkim nəzarətində olub"
Hadisə
11 Sentyabr , 2017 15:31
Penitensiar Xidmət Aleksandr Lapşinin intihara cəhd etməsi ilə bağlı məlumat yayıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Aleksandr Lapşinin intihara cəhd etməsi ilə bağlı məlumat yayıb. 

"Report" xəbər verir ki, məlumata görə, Azərbaycanın Cinayət Məcəlləsinin 318.2 və 52.1 maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmən Lapşin Aleksandr Valeryeviç cəza çəkdiyi müddət ərzində qanunvericiliklə nəzərdə tutulan bütün prosessual hüquqlarla tam təmin edilib: "Belə ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan A.Lapşinə bu səfirliklərin ölkəmizdə akkreditə olunan nümayəndələri, habelə ailə üzvləri ilə dəfələrlə görüşlər təqdim edilib". 

Bildirilib ki, istintaq dövrü ərzində həbsdə saxlanılan A.Lapşin mütəmadi olaraq həkim nəzarətində olub, tələb olunan səviyyədə tibbi müayinə və müalicə ilə təmin edilib: "10 sentyabr 2017-ci il tarixdə A.Lapşin ekstradisiya məsələlərinin uzanmasını bəhanə gətirərək intihara cəhd edib. Lakin saxlanıldığı istintaq təcridxanası əməkdaşlarının sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınıb və A.Lapşinə lazımi tibbi yardım göstərilib.

Sentyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq Lapşin Aleksandr Valeryeviçin əfv edilməsi haqda sərəncam imzalayıb. Sərəncama əsasən A. Lapşin qanunvericiliyin tələblərinə uyğun olaraq cəzasının qalan hissəsini çəkməkdən azad ediləcək".

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapşinə ittiham olunduğu Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə bəraət verilib. Qeyd edilib ki, bu maddə ilə verilən ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib. Hökmdə qeyd edilir ki, Lapşinin Azərbaycan dövlətinin əleyhinə etdiyi çağırışları təxəyyülünün məhsuludur, dedikləri ehtimal xarakteri daşıyır.

Məhkəmə Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Son xəbərlər

Orphus sistemi