"Pəhləvanlar" kafesində əxlaqsızlıq yuvası saxlamaqda təqsirləndirilənlər özlərini qismən təqsirli biliblər

"Pəhləvanlar" kafesində əxlaqsızlıq yuvası saxlamaqda təqsirləndirilənlər özlərini qismən təqsirli biliblər Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda kafedə əxlaqsızlıq yuvası saxlama, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qabil Ramazanov, onun qardaşı Habil Ramazanov və Yalçın Əzimlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hadisə
7 Oktyabr , 2019 17:17
Pəhləvanlar kafesində əxlaqsızlıq yuvası saxlamaqda təqsirləndirilənlər özlərini qismən təqsirli biliblər

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda kafedə əxlaqsızlıq yuvası saxlama, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qabil Ramazanov, onun qardaşı Habil Ramazanov və Yalçın Əzimlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər elan olunmuş ittihamla özlərini qismən təqsirli biliblər.

Proses oktyabrın 11-də davam etdiriləcək.

İttihama görə, Qabil Ramazanov özünə məxsus "Pəhləvanlar" kafesində əxlaqsızlıq yuvası təşkil edib. Qabil Ramazanov 18 otaqdan ibarət kafesində ayrı-ayrı şəxslərin yüngül həyat tərzi sürən qadınlarla cinsi əlaqədə olmasına şərait yaradıb. Bunun qarşılığında həmin qadınlara müştərilərdən aldığı pulun müəyyən hissəsini ödəyirmiş.

İttihamda yazılır ki, kafedə xüsusi hazırlanmış otaqlarda qadınlar kişi müştərilərə pul müqabilində intim xidmət göstəriblər. Həmin kafeni işlədən Qabil Ramazanov, qardaşı Habil Ramazanov və Yalçın Əzimov həmin obyektdə əxlaqsızlıq yuvası təşkil etməklə qazanc əldə ediblər.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı kafenin ikinci mərtəbəsində müştərilərlə intim əlaqədə olmaq üçün gözləyən 49 qadın saxlanılıb.

Əməliyyat zamanı kafenin birinci mərtəbəsində yerləşən 18 otaqdan 5-də kafedə işləyən qadınlarla intim münasibətdə olan müştərilər olub. Onlar da əməliyyatçılar tərəfindən saxlanılıb və zəruri tədbirlər görülüb.

İttihamda o da göstərilir ki, Qabil Ramazanovun kafedəki iş otağından narkotik vasitə də aşkar edilib.

İstintaq orqanı Qabil Ramazanov barəsində Cinayət Məcəlləsinin 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvaları saxlama) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edib. Digər iki təqsirləndirilən Habil Ramazanov və Yalçın Əzimlinin barəsində isə Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi