Yuxarı

Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb

Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır
© DIN

Bakı. 14 aprel. REPORT.AZ/ Respublikanın daxili işlər orqanları dələduzluq yolu ilə vətəndaşları aldadan və bununla da zərərçəkənlərin külli miqdarda pullarını mənimsəyən şəxslərə qarşı növbəti əməliyyat-axtarış tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) vətəndaş Asif Əsədullazadə müraciət edərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən Rövşən adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq külli miqdarda pulunun mənimsənildiyini bildirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin dələduzluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Sabirabad rayon sakini Rövşən Şükürov saxlanılıb. Onun yaşadığı evdən hüquq-mühafizə orqanlarına məxsus xüsusi geyim forması və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Rövşən Şükürovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya BMCMİ-nə müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi