Yuxarı

Özlərini MTN əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxslərin üçü azadlığa buraxılıb

Həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib

Bakı. 15 mart. REPORT.AZ/ Nərimanov Rayon Məhkəməsində Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinərək saxlanılan dəstə üzvlərindən üçü - Fərhad Tağıyev, Ruslan Hacıyev və Tural Qasımov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilmiş təqdimata baxılıb.

"Report"un əldə etdiyi məlumata görə, məhkəmənin qərarı ilə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

F.Tağıyev, R.Hacıyev və T.Qasımov azadlığa buraxılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, 2015-ci ildə Bakı şəhər sakini Zülfüqarov Tofiq Nadir oğlu Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək özlərini MTN-in əməkdaşları kimi təqdim edən bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Faktla bağlı nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Bakı şəhərində yaşayan Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və Tural Qasımovun həmin il mayın 1-də saat 23:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsində zərərçəkmişin idarə etdiyi avtomobilin qarşısıını kəsərək onu Xətai rayonu ərazisindəki mənzilinə gətirib seyfdə saxladığı külli miqdarda xarici valyutanı guya araşdırmaq məqsədilə ələ keçirdikləri öz təsdiqini tapıb.

Daha sonra cinayətkar qrupun üzvləri həmin vətəndaşı metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən obyektlərin birində qanunsuz olaraq 3 gün saxladıqdan sonra guya istintaqdan yayındırmaq məqsədilə Moskva şəhərinə yola salıblar. Ələ keçirdikləri külli miqdarda vəsaiti öz aralarında bölən cinayətkar dəstənin üzvləri sonradan ölkənin hüdudlarını tərk ediblər.

Vətəndaşın müraciəti əsasında qaldırılan cinayət işi rəhbərliyin nəzarətinə götürülüb və keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə dəstə üzvlərindən 6 nəfəri saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi