Prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, daxil olan ərizə və şikayətlərə dərhal baxılması, müraciət müəlliflərinin məlumatlandırılması və izahların verilməsi məqsədilə Baş Prokurorluqda yaradılan “961” nömrəli Çağrı Mərkəzinə 1 iyul 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək ümumilikdə 7 711 zəng daxil olub, 7 407 zəng üzrə müvafiq izah verilib, 304 məsələ prokurorluğun səlahiyyətlərinə aid olduğundan araşdırılması üçün aidiyyəti struktur qurumlara göndərilib.
“Report” xəbər verir ki, bu barədə yanvarın 23-də Azərbaycan Baş Prokurorluğunda 2020-ci ildə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş Kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, “Çağrı Mərkəzi”nə daxil olan 304 müraciətdən 167-si ibtidai istintaq və araşdırmanın qeyri-obyektiv aparılması, 67-i vəzifəli şəxslərin qanunsuz hərəkətləri və əsassız tələbləri, 57-i müxtəlif cinayət hadisələri, 1-i prokurorluq işçilərinin qanunsuz hərəkətləri, 12-i isə digər fəlaiyyətlə bağlı olub.
Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun “961” nömrəli Çağrı Mərkəzi fasiləsiz olaraq fəaliyyət göstərir və mərkəzə müraciətlər respublikanın istənilən regionundan stasionar telefonlar, eləcə də mobil operatorlar vasitəsilə edilə bilər.