Novxanıda qətl törədən idmançı qızın apellyasiya şikayətinə baxılıb

Novxanıda qətl törədən idmançı qızın apellyasiya şikayətinə baxılıb Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb
Hadisə
25 Yanvar , 2017 10:09
Novxanıda qətl törədən idmançı qızın apellyasiya şikayətinə baxılıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Səringül Ramazanova apellyasiya şikayəti vermə müddətinin bərpası barədə məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 2015-ci ilin oktyabr ayının 10-da Novxanı qəsəbəsi ərazisində Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü S.Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirdiyinə görə tutulub. A.Məmmədov aldığı xəsarətlər nəticəsində, oktyabrın 12-də xəstəxanada dünyasını dəyişib.

Hadisədən sonra 20 yaşlı qız dünyasını dəyişən 31 yaşlı A.Məmmədovu ona və ailəsinə nalayiq sözlər dediyinə görə bıçaqladığına və əməlinə görə peşman olmadığını bildirib.

Ötən il aprel ayının 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Ramazanova 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmin vaxt o, hökmdən şikayət verməyib.

S.Ramazanova apellyasiya şikayəti vermə müddətinin bərpası ilə bağlı məhkəməyə müraciət edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib.

Xatırladaq ki, S.Ramazanova qaydasız döyüş idman növü ilə məşğul olub.

Son xəbərlər

Orphus sistemi