Yuxarı

NİDA Vətəndaş Hərəkatının daha bir üzvü azadlığa buraxılıb - FOTO

Əvf siyahısında 13 əcnəbinin də adı var

Bakı. 18 mart. REPORT.AZ/ Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamında adı yer alan NİDA Vətəndaş Hərəkatının üzvü Məmməd Əzizov azadlığa buraxılıb.

“Report”un xəbərinə görə, 2 saylı Cəzaçəkmə Müəssisinin qarşısında onu ailə üzvləri və dostları qarşılayıb.

Xatırladaq ki, Əzizov Məmməd Rasim oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 6 may tarixli hökmü ilə məhkum edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam 148 nəfərə şamil ediləcək.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunan 137 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub.

Əfv sərəncamında bəzi tanınmış şəxslərin də adları var. Bunlar Prezident Administrasiyasının keçmiş işlər müdiri Akif Muradverdiyev, "İnsan hüquqları" klubunun rəhbəri Rəsul Cəfərov, jurnalist Pərviz Həşimli, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, müsavatçı gənc Sirac Kərimli, "Demokratiyanın Tədrisi Mərkəzi"nin həmtəsisçisi və sədri Anar Məmmədli, hüquq müdafiəçisi Taleh Xasməmmədov, NİDA-nın üzvləri Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov, Ömər Məmmədov, "Talışi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədovdur.

Əvf siyahısında 13 əcnəbinin də adı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi