Yuxarı

NİDA üzvünün apellyasiya şikayəti təmin edilməyib

Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə "Report"a vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, B.Məmmədovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Xatırladaq ki, sentyabrın 6-da Xətai Rayon Məhkəməsində B.Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı müstəntiqin verdiyi vəsatətə və prokurorun təqdimatına baxılıb. Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini 2 ay uzadıb.

Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.

Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi