Prezident İlham Əliyevin tapşırığına əsasən iyulun 28-dən bəri Türkiyədə davam edən meşə yanğınlarının söndürülməsi istiqamətində fəaliyyət göstərən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları fəaliyyətlərini davam etdirir.
"Report"un Türkiyə bürosu xəbər verir ki, Muğla şəhərində yerli jurnalistlərə açıqlama verən fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev azərbaycanlı yanğınsöndürənlərin Türkiyədə ən güclü və strateji nöqtələrdə baş verən yanğınlarda yüksək səviyyəli xidmət apardığını bildirib:
"Xüsusilə Muğlada Yeniköy İES, Kəmərköy İES, Yumaqlı, Yılanlı, Köyceyiz, Aydın, Akçaoba bölgələrində baş verən güclü yanğınlarda əməkdaşlarımız yanğın ocaqlarının söndürülməsinə müvəffəqiyyətlə nail olub".
Hazırda 14 rayonda 743 nəfər yanğınsöndürən, mülki müdafiə və xüsusi təyinatlı FHN əməkdaşlarının xidmət apardığını vurğulayan nazir müavini 77 yanğın avtomobili, 6 nasos avtomobili, 1 yanacaq doldurma çəni, 4 qərargah maşını, 2 avtobus, 1 amfibiya təyyarəsi və 1 helikopterimiz olmaqla, ümumilikdə 97 texnikanın Türkiyədə yanğınların söndürülməsi işlərinə cəlb edildiyini bildirib.