Yuxarı

​Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən iki gəncin ev dustaqlığına buraxılması üçün verilən vəsatətə baxılıb

Məhkəmə qərarından apellyasiya şikayəti veriləcək

Bakı. 20 may. REPORT.AZ/ Xətai Rayon Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Bayram Məmmədov və Qiyas İbrahimov barəsindəki həbsin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətlərə baxılıb.

Bu barədə "Report"a vəkil Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə vəsatətlər təmin edilməyib. E.Sadıqov bildirib ki, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, Q.İbrahimov və NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunublar. Rəsmi məlumata görə, onların üzərindən və evlərindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb. Xətai Rayon Məhkəməsində hər iki şəxs barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi