Narkoloji Mərkəzi yandırmaqda təqsirləndirilən şəxsin vəsatəti təmin edilib

Narkoloji Mərkəzi yandırmaqda təqsirləndirilən şəxsin vəsatəti təmin edilib Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
13 Mart , 2019 16:25
Narkoloji Mərkəzi yandırmaqda təqsirləndirilən şəxsin vəsatəti təmin edilib
Report

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nail Talıbov ifadə verib.

N.Talıbov qeyd edib ki, yanğını təqsirləndirilən M.Məmmədovun qaldığı otaqda yox, 15-ci palatada görüb: “Səhər tezdən tualetdən qayıdanda “kömək eləyin” səsini eşitdim. Qışqırıq 15-ci palatadan gəlirdi, qapısı da açıq idi. İçəri girəndə gördüm ki, çarpayının üstündəki yorğan yanır, orada yatan xəstə Mahir isə onu söndürməyə çalışır. Döşək də tüstülənirdi. Bizim palatada, təxminən, 5 litrlik qabda su vardı, qaçıb onu gətirməyə getdim. Qayıdana qədər alov bir az da artmışdı”.

Təqsirləndirilən M.Məmmədov bildirib ki, bunların hamısı məsuliyyətdən yayınmaq üçün uydurmadır: "Divar kartondan deyildi ki, dərhal keçsin. Yanğın bizim otaqdan o biri palataya keçənə qədər gərək mənim yanımdakı xəstə kül olardı".

Daha sonra M.Məmmədov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən təziqlərlə üzləşdiyini deyib. O, polislərin məhkəmədə dindirilməsini istəyib.

Hakim xatırladıb ki, təqsirləndirilən M.Məmmədovun hələ məhkəmənin əvvəlindən işgəncə barədə şikayətlərindən sonra məsələ ilə əlaqədar həm Baş Prokurorluğa, həm də Bakı şəhər Prokurorluğuna məktub göndərib. Hakim prokurorluqdan məhkəməyə gələn cavabı da elan edib. Orada qeyd edilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə M.Məmmədovun gətirilməsi, orada saxlanmasında iştirak edən polislər çağrılıb və ifadələri alınıb.

Hakimin sözlərinə görə, araşdırmalar zamanı M.Məmmədovun göstərdiyi xüsusatlar təsdiqini tapmayıb: "Ona görə də 12 oktyabr 2018-ci il tarixli qərarla Məhəmməd Məmmədovun şikayəti üzrə cinayət işi başlanması rədd edilib”.

M.Məmmədovun vəkili yanğınla bağlı rəy vermiş ekspertin də məhkəmədə dindirilməsini tələb edib.

Məhkəmə vəsatəti təmin edib.

Məhkəmənin növbəti iclası martın 19-na təyin edilib.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi