Yuxarı
    Bağlamaq

    "Nardaran işi"ndə polis əməkdaşları ifadə verib: "Onun üzərindən Taleh Bağırovun müraciət kitabçası çıxıb"

    Məhkəmənin növbəti iclası iyunun 12-nə təyin edilib

    Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrupun - “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    "Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşı Elman Bayramov ifadə verib.

    O, dindirilən zaman 2015-ci il noyabrın 29-da Lənkəranda əməliyyat keçirdiklərini və təqsirləndirilən E.Ağayevi həbs etdiklərini bildirib. E.Bayramov qeyd edib ki, E.Ağayev saxlanılan zaman onun üzərindən Taleh Bağırovun müraciət kitabçası çıxıb, evindən isə silah tapılıb.

    Prosesdə vəkil Akif Əlizadə şahid E.Bayramovun Lənkərana səhər saat 8:00 radələrində getdiyini söyləyib: O, E.Bayramovdan Lənkərana getməmişdən əvvəl bir sıra sənədlərin hazırlanmasını necə çatdırdığını soruşub.

    Şahid isə həmin sənədləri axşamdan hazırladığını qeyd edib.

    Daha sonra E.Bayramov “Müsəlman Birliyi” adlı təşkilatın sədri T.Bağırovu tanıdığını, onunla söhbətləri olduğunu bildirib. Onun sözlərinə görə, T.Bağırov qorxusundan Nardaranda gizlənib: "O hesab edirdi ki, polislər Nardarana girməzlər".

    Şahidin bu sözlərindən sonra isə zalda əyləşən şəxslər və təqsirləndirilənlər etiraz ediblər.

    Hakim prosesi izləyən və etiraz edən bir neçə şəxsi zaldan çıxarıb.

    Təqsirləndirilən E.Ağayev isə şahid E.Bayramovun yalan danışdığını bildirib.

    İclasda BMCMİ-nin digər əməkdaşı Üzeyir Salahov da dindirilib. O, təqsirləndirilən şəxslərdən Ə.Hüseynovu saxladıqlarını ifadə edib: "Onun üzərindən Taleh Bağırovun müraciət kitabçası çıxdı, evindən isə qubara aşkar edildi".

    Təqsirləndirilən Ə. Hüseynov isə şahidin yalan danışdığını söyləyib.

    Məhkəmənin növbəti iclası iyunun 12-nə təyin edilib.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb.

    Nardaran hadisələri ilə bağlı həbs edilən 1-ci qrup - “Müsəlman Birliyi” təşkilatın sədri Taleh Bağırov və Abbas Hüseynov 20 il, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabarov 19 il, Rasim Cəbrayılov 17 il, Ramin Yarıyev 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

    Hazırda isə ikinci qrupun - “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımov, Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. İşə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mayıl Bayramovun sədrliyi ilə baxılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi