Yuxarı

​Nardaran hadisələrinə görə tutulan şəxsin apellyasiya şikayətinə baxılıb

Onun barəsində Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb

Bakı. 19 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan Zakir Tapdıq oğlu Mustafayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair Nəsimi Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Z.Mustafayev barəsində Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. Onun apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, ötən ay Nəsimi Rayon Məhkəməsində Z.Mustafayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti dörd ay uzadılıb. Qərardan narazı qalan Z.Mustafayev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, 2015-ci il noyabrın 26-da DİN tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, bir çox üzvü, o cümlədən Z.Mustafayev saxlanılaraq istintaqa təqdim edilib.

O, Cinayət Məcəlləsinin 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 214-2-ci (Terrorçuluğa açıq çağırışlar, bu Məcəllənin 102, 214, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 279 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materiallar yayma), 220.2-ci (Kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, bu Məcəllənin 279.2-ci maddəsində nəzərdə tutulan əməllər adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 283.2.3-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi açılıb.

Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi