Namus üstündə arvadını amansızcasına öldürən şəxsin məhkəməsi başlayıb

Namus üstündə arvadını amansızcasına öldürən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası iyunun 29-na təyin edilib
Hadisə
20 İyun , 2017 17:08
Namus üstündə arvadını amansızcasına öldürən şəxsin məhkəməsi başlayıb

Bakı. 20 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Əkbər Quliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 29-na təyin edilib.

Qeyd edək ki, hadisə bu il mart ayının 24-də Bakının Yasamal rayonu ''Qanlıgöl'' ətrafında baş verib. Həmin ərazidə kirayədə yaşayan 43 yaşlı Ə.Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 42 yaşlı Firuzə Quliyevaya küçənin ortasında çoxsaylı bıçaq xəsarətləri yetirib. 10-dan çox bıçaq zərbəsi alan F.Quliyeva hadisə yerindəcə keçinib.

Cinayəti törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Ə.Quliyev könüllü polisə gələrək, istintaqa təslim olub.

İlkin dindirmələr zamanı saxlanılan şəxs bildirib ki, həyat yoldaşını yad kişi ilə görüb. Bunun səbəbini soruşduqda qadın həmin şəxsin tanışı olduğunu deyərək, ərinə ''işinlə məşğul ol'' söyləyib. Həyat yoldaşının etinadsızlığını qəbul edə bilməyən Ə.Quliyev hiddətlənərək bıçaqla arvadının bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirməyə başlayıb.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi