​"Müsəlman Birliyi Hərəkatı" adlı təşkilatın üzvünün həbs müddəti uzadılıb

​"Müsəlman Birliyi Hərəkatı" adlı təşkilatın üzvünün həbs müddəti uzadılıb İstintaq orqanının verdiyi təqdimat təmin olunub
Hadisə
25 Aprel , 2016 08:44
​Müsəlman Birliyi Hərəkatı adlı təşkilatın üzvünün həbs müddəti uzadılıb

Bakı. 25 aprel. REPORT.AZ/ Nəsimi Rayon Məhkəməsində “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Sədrəddin oğlu Mikayılov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

“Report”un məlumatına görə, istintaq orqanının verdiyi təqdimat təmin olunub və Z. Mikayılov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, 2015-ci il noyabrın 26-da DİN tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü, həmçinin Z.Mikayılov saxlanılaraq istintaqa təqdim edilib.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 214-2-ci (Terrorçuluğa açıq çağırışlar, bu Məcəllənin 102, 214, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 279 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materiallar yayma), 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, bu Məcəllənin 279.2-ci maddəsində nəzərdə tutulan əməllər adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 283.2.3-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi açılıb.

Nəsimi Rayon Məhkəməsində təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi