"Müsəlman Birliyi Hərəkatı" adlı təşkilatın üzvünün apellyasiya şikayəti təmin edilməyib

"Müsəlman Birliyi Hərəkatı" adlı təşkilatın üzvünün apellyasiya şikayəti təmin edilməyib Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb
Hadisə
8 Mart , 2016 12:37
Müsəlman Birliyi Hərəkatı adlı təşkilatın üzvünün apellyasiya şikayəti təmin edilməyib

Bakı. 8 mart. REPORT.AZ/  Bakı Apellyasiya Məhkəməsində “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvlərindən olan Elgün Axundov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı verilmiş apellyasiya şikayətinə baxılıb.

“Report”un məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. E.Axundovun apellyasiya şikayəti təmin edilməyib. 

Xatırladaq ki, ötən həftə Nəsimi Rayon Məhkəməsində E.Axundov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb. Qərardan narazı qalan E.Axundov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 2015-ci il noyabrın 26-da DİN tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. 2015-ci ilin dekabr ayının 2-də DİN-in yaydığı məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvlərinə dəstək verən Elgün Axundov tutulub. Onun Binəqədi qəsəbəsindəki evindən 2 ədəd “F-1” qumbarası və 22 ədəd patron götürülüb. Nəsimi Rayon Məhkəməsində E.Axundov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi