Müdafiə Sənayesi Nazirliyinin müəssisəsi məhkəməyə verilib
- 14 oktyabr, 2015
- 11:20
Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İri sığortaedənlərlə iş üzrə Departamenti Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi-İstehsal Müəssisəsi (EİM) Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.
“Report”un xəbərinə görə, DSMF MMC-dən məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması barədə tələb irəli sürüb.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, DSMF-nin İri sığortaedənlərlə iş üzrə Departamenti 2003-cü ildə məcburi dövlət sosial sığorta haqlarının toplanması işini yaxşılaşdırmaq və Fondun idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə yaradılıb.
“İqlim” Elmi-İstehsal Müəssisəsi isə 1961-ci ildən “Keşlə Maşınqayırma” zavodunun kondisionerlər sexinin bazasında “Bakı İqlim Qurğular Zavodu” adı altında fəaliyyətə başlayıb. İlk məhsulu otaq hava kondisionerləri olan zavodun bir neçə dəfə adı dəyişdirilib. 2006-cı ildən isə “İqlim” Elmi-İstehsal Müəssisəsi kimi Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.