“MTN işi”: sahibkarlar məşhur kafedə hədələnib, onlardan milyonlarla pul alınıb

“MTN işi”: sahibkarlar məşhur kafedə hədələnib, onlardan milyonlarla pul alınıb İttiham aktında bu kafenin adı 95 dəfə çəkilib
Hadisə
30 Dekabr , 2016 14:23
“MTN işi”: sahibkarlar məşhur kafedə hədələnib, onlardan milyonlarla pul alınıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə yeni maraqlı detal məlum olub.

“Report” xəbər verir ki, keçmiş MTN əməkdaşları qanunsuz ələ keçidrikləri pulların bir qismini ləğv olunmuş nazirliyin inzibati binasının yaxınlığındakı “Sultan” kafesində alıb. Belə ki, hədələnən sahibkarlar “Sultan” kafesinə dəvət olunub, burada onlarla qanunsuz alınacaq pulun məbləği ilə bağlı söhbətlər aparılıb, razılaşmalar olub. “Sultan” kafesində müxtəlif şəxslərin hər birindən yüz minlərlə manat, dollar, ümumilikdə milyonlarla AZN vəsait alınıb.

Bəzə sahibkarlar “Sultan”da hədələnib. Hətta bəzi şəxslər zorla bu kafeyə gətirilib.

Ümumilikdə, ittiham aktında “Sultan” kafesinin adı 95 dəfə çəkilib.

Qeyd edək ki, “Sultan” kafesi hazırda fəaliyyətini davam etdirir.

Xatırladaq ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar.

İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi