"MTN işi": "Mövlam Şıxəliyev bildirdi ki, hamısı Eldar Mahmudova məruzə olunub"

"MTN işi": "Mövlam Şıxəliyev bildirdi ki, hamısı Eldar Mahmudova məruzə olunub" Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hadisə
6 İyun , 2022 20:31
MTN işi: Mövlam Şıxəliyev bildirdi ki, hamısı Eldar Mahmudova məruzə olunub

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report” xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Bahəddin Sultanovun oğlu İntiqam Sultanov şahid qismində ifadə verib.

Şahid bildirib ki, 2009-cu ilin əvvəllərində təqsirləndirilən V.Ələkbərov onu həbs etməmək müqabilində atasından 1 milyon dollar tələb edib.

Onun sözlərinə görə, V.Ələkbərov B.Sultanova deyib ki, tələb olunan pulu ödəyəndən dərhal sonra onun özünü, bir gün sonra isə oğlunu da azad edəcəklər.

İ.Sultanov deyib ki, həbsdə olduğu zaman əmisi Mirzə Paşayev və dostu Əsgər İbrahimov MTN-in binasında, V.Ələkbərovun xidməti otağında onlarla görüşərək tələb etdiyi məbləğdən 360 min dolları veriblər: "Bundan bir gün sonra barəmdəki həbs qətimkan tədbiri dəyişdirildi və azad olundum".

Daha sonra hazırda həbsdə olan Rauf Kərimov məhkəmədə zərərçəkmiş qismində sərbəst ifadə verib. Onun sözlərinə görə, MTN-in İstintaq Baş İdarəsinin şöbə rəisi V.Ələkbərov tanışı Cavidan Hacıyevlə ona zəng vuraraq, MTN-ə çağırıb: “Vüsal Ələkbərov həbs olunmamaq müqabilində bizdən 1 milyon manat pul tələb etdi”.

Zərərçəkən deyib ki, V.Ələkbərov onlarla söhbət apararkən 1 milyon pulun Mövlam Şıxəliyev tərəfindən tələb olunduğunu bildirib: “Vüsal Ələkbərov bizi Təhsin Ağayevin qəbuluna apardı. Təhsin Ağayev də bizdən 1 milyon manat tələb etdi. Bunu rəisinin göstərişi ilə tələb etdiyini dedi”.

R.Kərimov söyləyib ki, şəriki ilə bərabər V.Ələkbərovla Təhsin Ağayevin tələbi ilə razılaşmaq məcburiyyətində qalıblar: “Lakin pulu deyilən vaxt vermədiyimizdən yenidən MTN-ə çağırdılar. Bu dəfə Təhsin Ağayev məni Vüsal Ələkbərovun otağından özü ilə Mövlam Şixəliyevin otağına apardı. Otaqda Mövlam Şıxəliyevə dedim ki, "məsələsini həll etmək üçün Eldar Mahmudova xahişə çıxacağıq". Mövlam Şıxəliyev də cavab olaraq bildirdi ki, bu məsələlər hamısı məruzə olunub, son söz deyilib, 1 milyon manatı çatdırmalısınız”.

Məhkəmənin növbəti iclası iyunun 7-nə təyin edilib.

Xatırladaq ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Son xəbərlər

Orphus sistemi