​Moskva və İstanbuldan gələn sərnişinlərin çantasından “beşbarmaq” çıxıb

​Moskva və İstanbuldan gələn sərnişinlərin çantasından “beşbarmaq” çıxıb Hər iki vətəndaş soyuq silahı unutduğuna görə Azərbaycana gətirdiyini bildirib
Hadisə
10 İyun , 2016 15:14
​Moskva və İstanbuldan gələn sərnişinlərin çantasından “beşbarmaq” çıxıb

Bakı. 10 iyun. REPORT.AZ/ Moskva və İstanbuldan gələn sərnişinlərin çantasından soyuq silah çıxıb. 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajına rentgen aparatı ilə baxış zamanı monitorda “beşbarmağ”ın təsviri görünüb.

Məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları baqaja təkrar yoxlama keçiriblər. Nəticədə həmin vətəndaşın çamadanından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı izahatında həmin “beşbarmağ”ı Varşavada (Polşa) olarkən əldə etdiyini söyləyən vətəndaş onu çamadanında qaldığını unutduğuna görə Azərbaycana gətirdiyini bildirib.

Bundan əlavə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan daha bir vətəndaşının baqajı da rentgen aparatı ilə yoxlanılarkən monitorda “beşbarmağ”ın təsviri müşahidə edilib.

Təkrar baxış zamanı həmin vətəndaşa məxsus idman çantasından, şəxsi əşyaların arasında olan gödəkçənin cibindən 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunub. Vətəndaş aşkarlanan “beşbarmağ”ı İstanbul şəhərində olarkən dostu tərəfindən ona hədiyyə edildiyini və çantanın içərisindəki gödəkçənin cibində qaldığını unutduğuna görə Azərbaycana gətirdiyini söyləyib.

Məlumatda qeyd olunub ki, əvvəllər də Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən bu cür hüquqpozma hallarının qarşısı qətiyyətlə alınaraq, Azərbaycan qanunvericiliyinə əsasən soyuq silah hesab edilən bu qəbildən olan əşyaların ölkə ərazisinə gətirilməsinin qadağan olunması barədə kütləvi informasiya vasitələri ilə ictimaiyyətə ətraflı məlumat verilib.

Dövlət Gömrük Komitəsi səlahiyyətli ekspert rəyinə istinadən bir daha xəbərdarlıq edir ki, əsasən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı “beşbarmaq”lar, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silah hesab olunur və bununla əlaqədar digər məsuliyyət növləri ilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi