Mənimsəmədə təqsirləndirilən QHT sədrinin şikayəti əsasında məhkəmə başlayıb

Mənimsəmədə təqsirləndirilən QHT sədrinin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti prosesi aprelin 5-nə təyin edilib
Hadisə
1 Aprel , 2017 10:45
Mənimsəmədə təqsirləndirilən QHT sədrinin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 1 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən QHT sədri İlqar Əliyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti prosesi aprelin 5-nə təyin edilib.

Qeyd edək ki, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı İlqar Talışxan oğlu Əliyev gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajına rentgen aparatı vasitəsilə baxış keçirilib və monitorda metal əşyaların təsvirləri əks olunduğundan təkrar yoxlama aparılıb.

Yoxlama zamanı sərnişin İ.Əliyevə məxsus çamadanda olan şəxsi əşyaların arasından əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron, kağız üzərində yazılı və ya şifahi formada bəyan edilməyən, metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd beşguşəli, itibucaqlı ulduz formalı predmet, 1 ədəd kameralı qələm və 1 ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb.

İ.Əliyev izahatında "Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının (QHT) sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, bıçaqlardan 5-i soyuq silah hesab olunub, 1 ədəd eynək və 1 ədəd qələm isə mövcud ola biləcək məlumatları izləmək, dinləmək, köçürmək, pozmaq, əlavə etmək kimi funksiyalara malikdir və onlar gizli yolla informasiya əldə etmək üçün nəzərdə tutulmuş əşyalardır.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə), 192-ci (qanunsuz sahibkarlıq), 228.4-cü (qanunsuz silah saxlama) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Əliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi