Yuxarı

Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Bahəddin Ələkbər oğlu Ələkbərov, Camal Əhmədəli oğlu Allahverdiyev və Mehdi İsmayıl oğlu Məmmədov barələrində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, dövlət ittihamçısının apellyasiya protesti və məhkum M.Məmmədovun və zərərçəkmişin apellyasiya şikayətləri təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, M.Məmmədov tanışları B.Ələkbərov və C.Allahverdiyevlə birgə Bakı şəhərində 56 min manata mənzil alıb və daha sonra həmin mənzili Gürcüstan vətəndaşı Cəmilə Məmmədovaya 70 min manata satıb. Həmin zaman C.Məmmədova ilə M.Məmmədov qeyri-rəsmi nikahda yaşayıb. Daha sonra həmin qadın mənzilin 56 min manata alındığı və ona baha - 70 min manata satıldığından xəbər tutub. O, M.Məmmədov və digər şəxslərdən pulunun geri qaytarılmasını tələb edib. Həmin şəxslər qadına evi ona satdıqlarını və pulu geri qaytarmayacaqlarını deyib. Bu zaman C.Məmmədova ilə M.Məmmədov arasında mübahisə yaranıb. Mübahisə zamanı M.Məmmədov qadını döyüb. C.Məmmədova döyülmə nəticəsində xəsarət alıb və xəstəxanada müayinə olunub. Bundan sonra qadın həmin şəxslər barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında M.Məmmədov, B.Ələkbərov və C.Allahverdiyev həbs edilib.

B.Ələkbərov və C.Allahverdiyev Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), M.Məmmədov isə 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.3-ci (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham olunub.

Bu il fevral ayının 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hökmü ilə M.Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxşlər barəsində bəraət hökmü çıxarılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş və məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi